Monqolustan hökuməti 122 dövlət şirkətində islahatların aparılması üçün ölkənin Böyük Xuralına (parlament) qanun layihəsi təqdim edəcək.
“Report” xəbər verir ki, bu barədə Monqolustan Nazirlər Kabineti Aparatının rəhbəri Nyam-Osorın Uçral brifinqdə bildirib.
“Bizdə 122 dövlət şirkəti var ki, onlardan yalnız beşi gəlirli, qalanları zərərlidir. Eyni zamanda, doqquz belə dövlət müəssisəsinin rəhbəri il ərzində fəaliyyətinə görə mükafatlar alıb. Ona görə də dövlət şirkətləri üçün hüquqi islahatlar hazırlanır. Bununla bağlı qanun layihəsi parlamentə təqdim olunacaq”, - deyə hökumət aparatının rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, islahatlar nəticəsində bəzi zərərli dövlət şirkətləri ləğv ediləcək və ya birləşdiriləcək və onların xidmətləri özəl sektora veriləcək.