Mərakeşdə daşqınlar nəticəsində ölənlərin sayı 37-yə çatıb - YENİLƏNİB-2
- 15 dekabr, 2025
- 13:58
Mərakeşin qərbində Safi əyalətində daşqınlar nəticəsində azı 37 nəfər həlak olub.
Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.
Yerli hökumət orqanlarının məlumatına görə, 14 nəfər daşqından sonra tibbi yardım alıb.
Daha əvvəl 21 nəfərin həlak olduğu bildirilirdi.
Mərakeşin qərbindəki Safi vilayətində daşqın nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə MEDI1TV yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bazar günü Atlantik sahilində yerləşən Safi bölgəsinə güclü yağış yağaraq daşqınlara səbəb olub.
"Safi bölgəsinin yerli hakimiyyət orqanları bazar günü bölgəyə yağan yağış nəticəsində baş verən daşqın nəticəsində ölənlərin sayının 21-ə çatdığını bildiriblər", - telekanalın məlumatında bildirilir.
Mərakeş mətbuatı bildirib ki, əyalətin eyniadlı inzibati mərkəzi Safi şəhərində təxminən 70 ev və mağaza su altında qalıb, avtomobilləri su aparıb, yollar ziyan çəkib.
Daha əvvəllər 14 nəfərin öldüyü, 32 nəfərin yaralandığı bildirilib.
Rabatdan 330 kilometr cənubda, Mərakeşin Atlantik okeanı sahilində yerləşən Safi əyalətində güclü yağışların səbəb olduğu daşqın nəticəsində 14 nəfər ölüb.
"Report"un məlumatına görə, bu barədə "TanjaNews" portalı xəbər yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində 30-dan çox insan yaralanıb və xəstəxanaya yerləşdirilib. Bölgədə xilasetmə əməliyyatları və itkin düşmüş şəxslərin axtarışı davam edir.
Daşqın əyalətin administrativ mərkəzi Safi şəhərinə böyük ziyan vurub. Agentliyin məlumatına görə, azı 70 yaşayış binası və mağaza su altında qalıb, yolun bir hissəsi isə zərər çəkib.