Ötən həftə gündəlik təxminən 10 min miqrant və sığınacaq axtaran Meksikanın ABŞ ilə sərhədinə gəlib.
“Report”
Dövlət başçısının sözlərinə görə, gündəlik təqribən 6 min nəfər Meksikanın cənubuna və ondan daha çox insan ABŞ-Meksika sərhədinə çatır.
“Ötən həftə gündəlik on min nəfər şimal sərhədimizə çatıb”, - Lopes Obrador özünün növbəti səhər mətbuat konfransında deyib.
Sentyabr ayında ABŞ-Meksika sərhədində rast gəlinən miqrantların sayı öncəki aylıq maksimumlara yaxınlaşıb və ya onları ötüb.
Lopes Obrador vurğulayıb ki, məmurlar miqrasiyaya yol açan köklü səbəbləri, o cümlədən insanların iş tapmaq və yaşam şəraitlərini yaxşılaşdırmaq ehtiyaclarını çözməlidirlər.
“Bizə lazım olan şey insanların miqrasiyaya məcbur edilməməsi üçün anlaşma və əməkdaşlıq körpüləri qurmaqdır”, - o, Latın Amerikası ölkələrinin xarici işlər nazirləri və ABŞ rəsmiləri ilə gözlənilən görüşdən öncə diqqətə çatdırıb.
Siyasətçi həmçinin bazar günü Meksikanın cənubundakı Çiapas ştatında baş verən yol qəzasında həlak olan 10 kubalı miqrantın ölümünə təəssüfləndiyini bildirib.