Lüksemburqdakı Avropa Məhkəməsi Aİ ölkələrinə Ukraynadan olan bir sıra qaçqını müvəqqəti qoruma və ölkə ərazisində qalma hüququndan məhrum etməyə icazə verib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məhkəmənin qərarında deyilir.
Aİ qanunvericiliyinə əsasən, müvəqqəti qoruma hüququna Ukrayna vətəndaşları, bu ölkədə daimi yaşamaq üçün icazəsi olan və beynəlxalq qoruma statusu almış şəxslər, habelə bu kateqoriyadan olan şəxslərin ailə üzvləri malikdir.
Sənəddə bildirilir ki, bu kateqoriyadan olan qaçqınların ölkədən çıxarılması barədə qərarlar yalnız müvəqqəti qoruma statusuna rəsmi qaydada xitam verildikdən sonra mümkündür.
Niderland rəsmiləri məsələyə aydınlıq gətirmək üçün məhkəməyə müraciət ediblər. 2022-ci ildə onlar Ukraynadan olan bütün qaçqınlara, o cümlədən bu ölkədə müvəqqəti yaşamaq icazəsi almış üçüncü ölkələrin vətəndaşlarına müvəqqəti qoruma statusu verməyə başlayıblar. Lakin sonradan bu kateqoriyadan olan qaçqınların müvəqqəti qoruma statusunun və Niderlandda qalmaq hüququnun geri götürülməsinə qərar verilib.
Avropa Komissiyasının məlumatına görə, Aİ ölkələrində 4,5 milyona yaxın ukraynalı qaçqın var. Onlar bu yaxınlarda müddəti 2026-cı ilin mart ayına qədər uzadılan müvəqqəti qoruma statusuna malikdirlər.