Aynur Sofiyeva: Azərbaycanda qeyri-ənənəvi sahələrdə qadınların iştirakçılığı ildən-ilə artır

Daxili siyasət
  • 02 noyabr, 2026
  • 16:08
Aynur Sofiyeva: Azərbaycanda qeyri-ənənəvi sahələrdə qadınların iştirakçılığı ildən-ilə artır

Azərbaycanda qeyri-ənənəvi sahələrdə qadınların iştirakçılığı ildən-ilə artır.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Güclü cəmiyyətin zərif simaları" layihəsinin yekun konfransında çıxışında deyib.

Sədr müavini vurğulayıb ki, məşğul əhali arasında qadınların payı 48,1%-dir:

"Digər sahələrdə, o cümlədən qeyri-ənənəvi sahələrdə qadınların iştirakının ildən-ilə artdığını görürük. Bu, dövlətin bu istiqamətdə apardığı siyasətin nəticələridir. Rəqəmlər bir daha göstərir ki, inkişaf addımları sürətlə atılır".

Konfransda layihə haqqında film nümayiş etdirilib, eləcə də həyata keçirilən fəaliyyət və əldə olunan nəticələr barədə məlumat verilib.

"Regional İnkişaf" İctimai Birliyinin Təlim, İnkişaf və İnnovasiya şöbəsinin müdiri Pərvanə Hacıyeva çıxışında qızların və qadınların bilik və bacarıqlarının artırılması, şəxsi və peşəkar inkişafının dəstəklənməsi, gender bərabərliyinin təşviqi istiqamətində həyata keçirilən layihələrdən danışıb:

"Görüşlər zamanı iştirakçılarla bir araya gələn qadınlar şəxsi və peşəkar inkişaf, qarşıya çıxan çətinliklərin aradan qaldırılması, eləcə də yeni imkanların dəyərləndirilməsi ilə bağlı öz fikir və təcrübələrini bölüşüblər. Eyni zamanda, gənclərin məşğulluğu, sosial layihələr və şəffaflığın təmin olunması istiqamətində də müzakirələr aparılıb. Görüşlər iştirakçıların məlumatlılığının artırılması, onların yeni bilik və təcrübə əldə etmələri, həmçinin gələcək inkişaf imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb".

Tədbirdə bildirilib ki, layihə çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan qızlar və qadınlarla öz sahəsində uğur qazanmış qadınların görüşləri təşkil olunub. TEDx formatında keçirilən görüşlərdə ekspertlər həyat və peşəkar təcrübələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar. Konfrans çərçivəsində layihənin ekspertləri mükafatlandırılıb.

Tədbir bədii proqramla davam edib.

Qeyd edək ki, konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Layihənin məqsədi qızların və qadınların bilik və bacarıqlarını, liderlik keyfiyyətlərini və özünəinamını inkişaf etdirmək, onların cəmiyyət həyatında fəal iştirakını dəstəkləməkdir.