Fransa Prezidenti Emmanuel Makron Fransua Bayrunu onun dövlət başçısı olmaq istəyi səbəbindən əvvəlcə baş nazir vəzifəsinə təyin etmək istəməyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazir Fransua Bayru “Le Point” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, dekabrın 13-də Yelisey sarayına görüşə dəvət olunanda Makronun onu baş nazir təyin edəcəyinə əmin idi. Lakin prezident bunu edə bilməyəcəyini deyib. "Mən sizi təyin etməyəcəyəm və bunun səbəbini izah edəcəyəm. Mənə nə dahi, nə də prezident seçkilərində iştirak etmək istəyən biri lazımdır", - Bayru Makronun sözlərini sitat gətirib.
Bundan sonra siyasətçi prezidentin bu vəzifəyə silahlı qüvvələr naziri Sebastyan Lekornunu təyin edəcəyi qənaətinə gəlib. Lakin Bayru onu daxili siyasi böhran şəraitində işləmək üçün münasib variant hesab etmirdi.
Siyasətçi Makrona cavabında "böyük işlər görmək" üçün vaxtilə onunla razılaşdığını deyib.
Təxminən 2 saat davam edən çətin danışıqlardan sonra Bayru qəzəbli halda Yelisey sarayını tərk edib. Lakin elə həmin səhər gələcək baş nazirdən geri qayıtmağı xahiş edirlər: Makron güzəştə gedir və Bayru onu bağışlayır.
Bayru bildirib ki, nəticədə o, baş nazir vəzifəsini "özü üçün deyil, siyasi böhran və ozamankı baş nazir Mişel Barnyenin istefası onun güclü şəxsiyyətlə əvəz olunmasını tələb etdiyi üçün" qəbul edib.
Qeyd edək ki, Makron 73 yaşlı Bayrunu dekabrın 13-də baş nazir vəzifəsinə təyin edib.