Maduro amerikalıları müharibəyə qarşı çıxmağa çağırıb
- 19 dekabr, 2025
- 06:16
Venesuela Prezidenti Nikolas Maduro ABŞ xalqını Cənubi Amerikadakı müharibəyə və ölkədə rejim dəyişikliyi planlarına qarşı çıxmağa çağırıb.
"Report"un məlumatına görə, Venesuela liderinin çıxışı "Venezolana de Televisión" telekanalı tərəfindən yayımlanıb.
"ABŞ xalqı güclü səsini ucaltmalı və hərbi planlara "yox", Cənubi Amerikada müharibəyə "yox", Venesuelada rejim dəyişikliyinə "yox", neftlə bağlı qan tökülməsinə "yox" deməlidir", - Maduro bildirib.
Maduro bəyan edib ki, ABŞ administrasiyası Venesuelanın demokratik respublikaçı rejimini müstəmləkə rejimi ilə əvəz etməyi planlaşdırır: "Bu, olmayacaq, çünki bu gün müstəmləkəçilik dövrü deyil".
Venesuela lideri dövlətlərin və xalqların suverenliyinə hörmət tələb edib: "Nə qədər ki, xalq Venesuelanı idarə edir, dinc gələcəyə inam var və ölkə sülhə və ədalətə doğru irəliləməkdə davam edəcək".