Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaların müddətini daha altı ay müddətinə uzadıb.
“Report” xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sanksiyaların müddəti iyulun 31-dək uzadılıb.
Məlumatda vurğulanıb ki, 2014-cü ildə ilk dəfə tətbiq edilən bu iqtisadi tədbirlər 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsindən sonra əhəmiyyətli dərəcədə genişləndirilib.
Sanksiya ticarət, maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və lüks mallar üzrə məhdudiyyətləri əhatə edən geniş spektrli sektoral tədbirlərdən ibarətdir.
Onlar həmçinin Rusiyadan Aİ-yə dəniz yolu ilə xam neft və müəyyən neft məhsullarının idxalı və ya transferinə qadağa, bir neçə Rusiya bankının SWIFT sistemindən çıxarılması kimi məsələləri əhatə edir.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas təşkilatın xarici işlər nazirlərinin Rusiyaya qarşı sanksiyaların uzadılmasını razılaşdırdığını təsdiqləyib.
“Report” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Aİ xarici işlər nazirləri indicə Rusiyaya qarşı sanksiyaları yenidən uzatmağa razılaşdılar.
Bu, Moskvanı müharibəni maliyyələşdirmək üçün zəruri olan gəlirlərdən məhrum edəcək", - o qeyd edib.
Macarıstan yanvarın 31-də müddəti başa çatan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib.
Bu barədə "Report" "Euronews"a istinadən xəbər verir.
Beləliklə, Avropa İttifaqı (Aİ) Ukrayna ilə müharibənin başlanmasından sonra Moskvaya qarşı tətbiq edilən sanksiyaları uzada biləcək.
"Macarıstan veto mövqeyindən geri çəkilib və Rusiyaya qarşı Aİ sanksiyalarının əlavə altı ay uzadılmasına icazə verib", - nəşr yazıb.