“Lockheed Martin” şirkəti ABŞ Müdafiə Nazirliyindən ölkə ordusu və müttəfiqləri üçün 126 ədəd F-35 qırıcısı istehsalı üçün 7,8 milyard dollarlıq müqavilə alıb.
"Report" xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.
Müqavilə ABŞ silahlı qüvvələrinə və müttəfiqlərinə 398 qırıcı təyyarənin tədarükü üçün Pentaqonla şirkət arasında əvvəllər əldə edilmiş 30 milyard dollarlıq razılaşmanın həyata keçirilməsində son mərhələ idi. Öz növbəsində, saziş ən böyük hissələrdən biridir və ABŞ və digər ölkələr üçün təxminən 3 000 təyyarə üçün 412 milyard dollar dəyərində genişmiqyaslı satınalma proqramını tamamlayır.
Müqaviləyə ABŞ Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusu üçün 77 təyyarə, həmçinin Belçika (4), Böyük Britaniya (7), Danimarka (3), İtaliya (9), Niderland (6), Polşa (6), Finlandiya (8) və Yaponiya (6) üçün qırıcılar daxildir.
Bundan əvvəl Pentaqon razılaşmaya əsasən 398 yox, 485 qırıcı almağı planlaşdırırdı, lakin bir neçə məsləhətləşmədən sonra onların sayı azaldılmalı idi.