Zelenski: Ukraynanın Rusiya Prezidentinin iqamətgahına zərbə endirməsi ilə bağlı bəyanatlar əsassızdır - YENİLƏNİB
- 29 dekabr, 2025
- 20:22
Ukrayna Silahlı Qüvvələrinin Rusiya Prezidentinin Novqorod vilayətindəki iqamətgahına hücum cəhdi ilə bağlı səslənmiş bəyanat həqiqətə uyğun deyil.
"Report" xəbər verir ki, bunu Ukrayna lideri öz teleqram kanalında yazıb.
"Hazırda Rusiyadan çox təhlükəli bəyanatlar səslənir, açıq şəkildə ABŞ Prezidenti Donald Trampın komandası ilə birgə sülhə yaxınlaşmaq üçün gördüyümüz işlərin nəticələrini pozmağa yönəlib. Bu anda Rusiya tərəfi guya hansısa iqamətgaha zərbə endirilməsi barədə açıq-aşkar saxta bir hekayə uydurub. Məqsəd Ukraynaya, o cümlədən Kiyevə qarşı hücumları davam etdirmək və müharibənin başa çatması üçün zəruri addımlardan imtina üçün bəhanə qazanmaqdır", – paylaşımda qeyd olunur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynanın Rusiya prezidentinin iqamətgahına hücum cəhdindən sonra ölkənin danışıqlardakı mövqeyi yenidən nəzərdən keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Onun sözlərinə görə, 29 dekabr gecəsi Ukrayna Silahlı Qüvvələri Rusiya liderinin Novqorod vilayətindəki iqamətgahına 91 pilotsuz uçuş aparatı ilə hücuma cəhd göstərib, lakin onların hamısı ələ keçirilib və məhv edilib.
"Bu, Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin həlli üzrə intensiv danışıqlar fonunda həyata keçirilib. Bu cür düşünülməmiş addımlar cavabsız qalmayacaq. Cavab zərbələrinin hədəfləri və onların vaxtı Rusiya Silahlı Qüvvələri tərəfindən müəyyən edilib", - Lavrov qeyd edib.
Nazir əlavə edib ki, Rusiya ABŞ ilə danışıqlarda iştirakını davam etdirir, lakin Kiyevin son addımları ilə əlaqədar ölkənin danışıqlardakı mövqeləri yenidən nəzərdən keçiriləcək.