2021-ci ilin ikinci rübündə Çili iqtisadiyyatı “Bloomberg” mütəxəssislərinin gözlədiyindən daha çox artıb.
“Report” xəbər verir ki, Latın Amerikası ölkəsini hökumətin pandemiyanın vurduğu iqtisadi ziyanın təsirini azaltmaq üçün tətbiq etdiyi maliyyə stimulları xilas edib. Belə ki, Çilinin ÜDM-i 2021-ci ilin birinci rübü ilə müqayisədə 1 faiz, ölkə iqtisadiyyatı isə 2020-ci illə müqayisədə 18,1 faiz artıb.
Beynəlxalq Valyuta Fonduna görə, inkişaf etməkdə olan Çili pandemiyanın iqtisadi nəticələrini kompensasiya etmək üçün çox vəsait xərcləyib - yalnız pensiyaların ödənişləri üçün 50 milyard ABŞ dolları ayırıb.
Hökumətdən alınan pullar istehlak bumunu və pərakəndə satışların keçən ilin eyni dövrü ilə müqayisədə heyrətamiz artımına səbəb olub - mayda 72 və iyunda 66 faiz. Mərkəzi Bank, mədənçıxarma işlərinin 3,1 faiz, daxili tələbatın isə 1,6 faiz artdığını bildirib.
Çilinin maliyyə tənzimləyicisi ölkənin ÜDM -in bu il 9,5 faiz artacağını proqnozlaşdırır.