Yaponiya hökuməti istehkamçılar üçün təlimlər təşkil etməklə və minaaxtaran avadanlıqlarla təmin etməklə Ukraynaya minatəmizləmə işində kömək etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Yomiuri" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Yaponiya bu sahədə zəngin təcrübəyə malik Kamboca ilə birlikdə ukraynalı istehkamçıların hazırlanmasını planlaşdırır. Əvvəlcə ukraynalı mütəxəssislərin Pnompenə dəvət olunması planlaşdırılır, sonra isə apreldə Kamboca və Yaponiya Polşaya ekspertlər qrupunu göndərmək niyyətindədirlər və təlimlər burada davam etdiriləcək.
Təlim üçün Pnompenə 15 nəfər dəvət oluna bilər. Bundan əlavə, yazda Yaponiya mina detektorlarını Ukraynaya köçürməyi planlaşdırır.
Kambocada hökumətin əsas sosial vəzifələrindən biri illərlə davam edən vətəndaş müharibəsindən sonra yerdə qalan partlayıcı sursatların və minaların təmizlənməsidir. Yaponiya bu işdə ölkəyə kömək edir.