Fransa məhkəməsi mümkün çirkli pulların yuyulması ilə bağlı istintaq çərçivəsində iki rusiyalı sahibkarın dəyəri 70 milyon avrodan çox olan əmlakına həbs qoyub.
“Report” xəbər verir ki, bu barədə “Le Monde” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, söhbət 2012-2014-cü illərdə Fransanın cənub-şərqində satın alınan daşınmaz əmlak obyektlərindən - Qrasda (Dənizkənarı Alp departamenti) 22,5 hektar ərazisi olan əmlak və Sen Rafael və Qrimodakı (Var departamenti) villalardan, eləcə də lüks avtomobillərdən gedir.
Nəşr iddia edir ki, bu əmlak Kipr pasportuna malik rus əsilli iki sahibkara - Ruslan Qoryuxinə və Mixail Openheymə məxsus ola bilər.
Qoryuxinin vəkili Kristian Rot qəzetə bildirib ki, müvəkkili bu işlə bağlı heç bir açıqlama verməyəcək və mövcud məlumatları nə təsdiq, nə də təkzib edəcək. Openheymin maraqlarını təmsil edən vəkil Fransua Artyupel də olaya şərh verməkdən yayınaraq, yalnız sahibkarın bu cinayət prosesində tərəf olmadığını deyib.
“France-Presse” agentliyi məhkəmədəki mənbəyinə istinadən yazıb ki, araşdırma zamanı hüquq-mühafizə orqanları bu obyektlərin alınması üçün istifadə olunan vəsaitlərin mənşəyinin gizlədilməsindən şübhələniblər.