İtaliya Əfqanıstandakı hərbi kontingentini çıxarmaq mərhələsini başa çatdırıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Lorenso Querini məlumat verib.
O bildirib ki, iyunun 29-da axşam saatlarında İtaliyanın Əfqanıstandakı missiyası başa çatıb.
L.Querini vurğulayıb ki, beynəlxalq ictimaiyyət, o cümlədən İtaliya hərbçilərinin missiyası başa çatsa da, Əfqanıstanla əlaqələr başqa formada, xüsusilə əməkdaşlıq və respublika institutlarının dəstəklənməsi davam edəcək.
İtaliyanın hərbi kontingenti Əfqanıstana 2003-cü ildən NATO çərçivəsində yerləşdirilmişdi. Son zamanlar İtaliya hərbçilərinin sayı 800-ə yaxın olub.
Xatırladaq ki, ABŞ 2020-ci ilin mayından qoşununu bu ölkədən çıxarmağa başlayıb. Prosesin cari il sentyabrın 11-də başa çatacağı planlaşdırılıb.
ABŞ və NATO-dakı müttəfiqləri 2001-ci ildə Əfqanıstanda hərbi əməliyyata başlayıb. “Məğlubedilməz azadlıq” çərçivəsində aparılan kampaniya 2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı terror aktına cavab tədbiri olaraq keçirilib. 2015-ci il yanvarın 1-dən isə döyüş əməliyyatlarını “Qətiyyətli dəstək” missiyası əvəz edib.