İsveçrə sentyabrda Ukraynaya uzaqdan idarə olunan tırtıllı minatəmizləmə maşını, qoşqulu yük maşını və ehtiyat hissələr verəcək. Bu texniki vasitələrin ümumi dəyəri 1,2 milyon İsveçrə frankı (1,35 milyon ABŞ dollarından çox) təşkil edir.
“Report” xəbər verir ki, bu barədə İsveçrə hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, ölkənin Müdafiə Nazirliyi Ukraynanın Fövqəladə Hallar Xidmətinə münaqişənin başlanğıcından minalar, kasetli sursatlar və hərbi partlayıcıların qalıqları ilə “çirklənmiş” zonalarda minatəmizləmə əməliyyatını aparmaq üçün uzaqdan idarə olunan minatəmizləmə maşını təhvil verəcək.
“Piyada əleyhinə minaları təmizləməyə qadir olan tırtıllı maşınla yanaşı, Kiyevə təhvil verilən texniki avadanlığa qoşqulu yük maşını və üç il müddətinə yetəcək ehtiyat hissələr partiyası daxildir”, - məlumatda vurğulanır.
Minatəmizləmə maşınını İsveçrə Müdafiə Nazirliyinə avqustun 29-da “Swiss Digger” fondu təhvil verib. Sentyabrda “Van For Life” assosiasiyası bu avadanlığı Ukraynaya çatdıracaq. Öz növbəsində, “Swiss Digger” fondu da ukraynalı mütəxəssislərin yerində təlimini təşkil edəcək.