İndoneziyada son sutkada 533 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bildirilib ki, son sutkalarla müqayisədə ən çox yoluxma faktı qeydə alınıb. Son 3 gündə onların sayı 400-ü aşmayıb.
Məlumata görə, ölkə üzrə koronavirusa yoluxma hallarının sayı 13 645-ə, ölənlərin sayı isə 959-a çatıb. Pandemiya başlayandan 2 607 pasiyent, yaxud yoluxanların 19,1%-i sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4 milyonu ötüb. Bunların 1,4 milyon nəfərdən çoxu sağalıb, 276 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.