Haiti Senatının (parlamentin yuxarı palatasının) üzvləri Jozef Lamberin respublikanın müvəqqəti prezidenti elan edilməsini bu günə təxirə salıblar.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, tədbir dünənə planlaşdırılsa da Senat binasının qarşısında odlu silahdan istifadə edilmiş iğtişaşların baş verməsi səbəbindən təxirə salınıb. Parlamentin yuxarı palatası hələ iyul ayında Lamberi Prezident elan etsə də andiçmə mərasimi indiyədək baş tutmayıb.
Xatırladaq ki, Haiti Prezidenti Jovenel Moiz iyulun 7-nə keçən gecə naməlum silahlı şəxslərin hücumu nəticəsində öldürülüb, ölkənin birinci xanımı Martin Moiz yaralanıb.
Haiti prokuroru baş nazir Ariel Henrini prezident Jovenel Moizin öldürülməsində ittiham edib. Baş nazir isə ona qarşı ittiham irəli sürən prokuroru vəzifəsindən azad edib.