Fransada keçirilən XXXIII Yay Olimpiya Oyunlarının sonuncu həftəsi də skandallarla yadda qalır.
“Report” xəbər verir ki, bu barədə “Haber Global”ın hazırladığı süjetdə qeyd edilib.
Süjetdə 18 yaşlı rumıniyalı gimnast Ana Barbosun qazandığı bürünc medalın son anda əlindən alındığına toxunulub: "Amerikalı məşqçilər nəticələrə etiraz ediblər. Beləliklə, nəticələr yenidən hesablanıb və amerikalı idmançı Cordan Çaylz bürünc medalın yeni sahibi olub. Bundan sonra Barbos əlindəki bayrağı yerə saldı və göz yaşlarına hakim ola bilmədi”.
Qeyd olunub ki, Rumıniyanın baş naziri Marçel Çolaku hadisəyə etiraz edib və bunu idmançıların ləyaqətinə zərbə kimi qiymətləndirib. O, Paris olimpiadasının bağlanış mərasiminə qatılmayacağını deyib.
“Haber Global”ın başqa bir süjetində bildirilib ki, Olimpiada uğurlardan daha çox çatışmazlıqlarla yadda qalıb: “Əsas problemlərdən biri də Sena çayının çirkliliyi ilə bağlıdır. Paris olimpiadasından danışanda ağıla ilk gələn Sena çayı olur. Çünki Fransa iddialarını doğrulda bilmədi. Çayın çirklilik səviyyəsi təşkilatçıların dediklərindən də daha çoxdur”.
Süjetdə qeyd olunub ki, Sena çayında üzən bir neçə idmançı virusa yoluxub: “Sular nəinki çirklidir, həm də bakteriya ilə doludur”.