Fransanın maliyyə prokurorluğu ölkənin əmək, məşğulluq və inteqrasiya naziri Olivye Düssonun qohumbazlıq işi üzrə 10 aylıq şərti həbs və 15 min avro məbləğində cərimə edilməsini tələb edib.
“Report” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Nazir 2009-cu ildə keçirilən tenderlərdən birində su xidməti göstərən “Saur” şirkətinin iştirakı üçün əlverişli şərait yaratmaqda şübhəli bilinir.
Prokurorluq axtarışlar zamanı nazirdən tapılan iki sənədə əsaslanır. Birincisi 2009-cu ilin iyul ayının sonunda Annone kommunasının (Fransanın cənubundakı Ardeş departamenti) o zamankı meri Düsso ilə “Saur”un direktoru Olivye Brus arasında görüşün məruzəsidir. İclas tender elanının dərc olunmasından üç ay öncə baş tutub, orada onun meyarları və müqavilənin məbləği müzakirə olunub.
İkinci sənəd iclasdan qısa müddət sonra meriyadan tenderin hazırlanmasına cavabdeh olan bələdiyyə xidmətlərinə göndərilən elektron məktubdur. Orada bir neçə məqamın dəyişdirilməsi və namizədlərin təkliflərinin qiymətləndirilməsi zamanı qiymət meyarının əhəmiyyətinin azaldılması tələbi yer alıb.