Fransa mümkün qədər tez NATO-dan çıxmalıdır, bu təşkilatda qalmaq son dərəcə təhlükəlidir.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu fikri “X” sosial şəbəkəsində Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo bildirib.
O, ABŞ Dövlət katibi Antoni Blinkenin Ukraynanın alyansa üzv olması ehtimalı ilə bağlı sözlərinə belə cavab verib.
“Amerikanın ağılsız və son dərəcə təhlükəli bəyanatı! Gəlin tezliklə özümüzü bu tələdən qurtaraq, NATO-dan çıxaq və sülhü bərqərar edək!”, - F.Filippo yazıb.
Siyasətçinin fikrincə, ABŞ-nin hərəkətləri dünyanı üçüncü Dünya Müharibəsinə yaxınlaşdırır, onun ilk qurbanları Avropa ölkələri, o cümlədən Fransa olacaq.
Xatırladaq ki, aprelin 4-də ABŞ Dövlət katibi Antoni Blinken Ukraynanın NATO-ya üzv olacağını, Şimali Atlantika alyansının iyulda keçiriləcək sammitinin bu istiqamətdə “körpü qurmağa” kömək edəcəyini bildirib. Bu sözlər heç də birmənalı qarşılanmayıb.
Aprelin 5-də amerikalı senator Mayk Li vurğulayıb ki, NATO-da ya ABŞ, ya da Ukrayna ola bilər, amma heç bir halda hər iki ölkə ola bilməz.