Fransa hökuməti polisin xüsusi təyinatlıları “CRS 8”in (Səkkizinci Respublika Təhlükəsizlik Bölüyü) əməkdaşlarını bahalaşmaya qarşı nümayişlərin keçirildiyi Martinika adasına etirazların yatırılması üçün göndərib.
“Report” xəbər verir ki, bu barədə polisdəki mənbəyə istinadən BFMTV kanalı məlumat yayıb.
Xüsusi bölmənin üzvləri şənbə günü axşam (21 sentyabr – Qeyd) adaya gəlib. 2021-ci ildə yaradılan “CRS 8” bölüyü nümayişlərin yatırılması üzrə ixtisaslaşıb.
Bundan əvvəl Martinika hakimiyyəti qiymət artımına qarşı nümayişlərdən sonra paytaxt Fort-de-Frans şəhərinin və Lamentin kommunasının bir neçə bölgəsində komendant saatı tətbiq edib.
Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (INSEE) məlumatına görə, hazırda bir sıra xarici ərazilərdə orta qiymətlər Avropa Fransasından yüksəkdir - xüsusilə Martinikada - 14%. Eyni zamanda, Martinikada yeməklər 40% bahadır.
Nümayişçilər magistral yolların ortasında barrikadalar qurublar, aclıqdan əziyyət çəkən yerli əhali adanın əsas limanına daxil olaraq qida ilə dolu olan bir neçə konteyneri açıb insanlara paylayıblar.