Tacikistan qarşılıqlı ticarət imtiyazlarından istifadə edərək tacikistanlı istehsalçıların məhsullarının Avropa bazarlarına ixracını daha da genişləndirməyə çalışır.
“Report”un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon "Mərkəzi Asiya – Avropa İttifaqı" sammitinin ikinci günündə bildirib.
E.Rəhmon Tacikistanın inkişafı prosesində davamlı dəstək və yardımına görə Avropa İttifaqına (Aİ) təşəkkürünü bildirib. O qeyd edib ki, Aİ ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda münasibətlərin yüksələn xətlə inkişafı ölkənin xarici siyasətinin prioritetlərindən biri olaraq qalır.
Prezidentin sözlərinə görə, Mərkəzi Asiya və Aİ arasında münasibətlərin dərinləşdirilməsi üzrə Yol Xəritəsinin qəbul edilməsi bu istiqamətdə mühüm addımdır. Bu, regionlararası əməkdaşlığın və qarşılıqlı əlaqənin genişləndirilməsi üçün əsas sənəddir.
"Biz Mərkəzi Asiyada regionlararası ticarətin və malların, xidmətlərin, kapitalın və insanların sərbəst hərəkətinin genişləndirilməsinə sadiqik. Lakin insan, intellektual və təbii resurslar nəzərə alınmaqla ticari-iqtisadi əməkdaşlığın potensialı hələ də kifayət qədər istifadə olunmayıb. Eyni zamanda, Tacikistan və Aİ arasında birbaşa ticarətin həcmi hələ də cüzi olaraq qalır", - E.Rəhmon vurğulayıb.
O, həmçinin qeyd edib ki, Tacikistan kritik xammal da daxil olmaqla, aşkar edilən və qismən sənaye istismarına hazırlanan 800-dən çox yataqla faydalı qazıntıların hasilatı sahəsində əhəmiyyətli potensiala malikdir.