“Hazırda Suriya vətəndaşlarının ən azı yarısı xaricdə yaşayır, ölkənin infrastrukturu dağıdılıb və yeni hökumət ciddi problemlərlə üzləşib”.
“Report” xəbər verir ki, bunu Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Dəməşqdə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Suriya vətəndaşlarının yarısı hazırda ölkədən kənarda yaşayır və daxildəki iqtisadi infrastruktur dağıdılıb, ona görə də indi həll etməli olduğumuz ciddi problemlər var”, - deyə o əlavə edib. Onun sözlərinə görə, Bəşər Əsədin dövründə Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi zəruridir.
O əlavə edib ki, Suriya hakimiyyəti Türkiyə ilə bir sıra sahələrdə strateji əlaqələr qurmağa hazırdır: “Biz Suriya ilə Türkiyə arasında iqtisadi, siyasi və sosial sahədə qarşılıqlı əlaqələri müzakirə etdik. Türkiyə Suriyanın dostudur, inqilabın ilk günlərindən bizə kömək etdi: biz bunu unutmayacağıq və gələcəkdə Ankara ilə strateji əlaqələr qurmağı planlaşdırırıq”.