ABŞ və Səudiyyə Ərəbistanı arasında müttəfiqlik əlaqələri Vaşinqtonun maraqlarına cavab verir.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden "Time" jurnalına müsahibəsində deyib.
“Dəyərlərə, həm də praktik komponentə əsaslanan müttəfiqlik əlaqələri var. Bu, bizim maraqlarımızdan daha çoxdur. Ümumi iqtisadi maraqlar varsa, münaqişələrin baş vermə ehtimalı azdır”, - o bildirib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud aprelin 29-da bildirib ki, ABŞ və Ər-Riyad ikitərəfli müdafiə və təhlükəsizlik sazişləri üzrə işlərin böyük hissəsini başa çatdırıblar.
Daha əvvəl “Reuters” agentliyi Ər Riyadın Vaşinqtonla NATO-nun kollektiv təhlükəsizlik xartiyasının 5-ci maddəsinə yaxın şərtlər əsasında müdafiə paktı bağlamaq üzrə danışıqlar apardığını xəbər vermişdi. Bu maddəyə əsasən, alyansın bir üzvünə hücum onun bütün ölkələrinə müharibə elan etməyə bərabərdir. Agentliyin mənbələrinin məlumatına görə, təhlükəsizlik zəmanəti müqabilində Səudiyyə Ərəbistanı İsraillə tam diplomatik əlaqələr qura bilər.