Çin yaxın zamanda milli orbital stansiyası “Tyanqun”a üç taykonavtla (çinli astronavt) “Şençjou-20” pilotlu gəmisini göndərəcək.
“Report” xəbər verir ki, bu barədə ÇXR-in Pilotlu Kosmik Uçuşlar Proqramı İdarəsi (CMSA) məlumat yayıb.
Gəminin buraxılışı Çinin şimal-qərbində yerləşən Szyutsyuan kosmodromundan “Çançjen-2F” daşıyıcı raketi vasitəsilə həyata keçiriləcək. Raket və gəmi artıq start kompleksinə çatdırılıb. İdarə hələlik buraxılışın dəqiq tarixini və ekipajın tərkibini göstərmir.
Hazırda Çin orbital stansiyasının göyərtəsində taykonavtlar Say Syuçje, Sun Lindun və “Tyanqun” ekipajının tərkibində ilk qadın olan Van Haotsze işləyirlər.
Qeyd edək ki, “Şençjou-20” missiyası “Tyanqun” stansiyasına doqquzuncu ekipaj ekspedisiyası olacaq. Orbital laboratoriyaya ilk pilotlu missiya 2021-ci ildə gerçəkləşdirilib.