Yanvar-avqust aylarında Çin – Amerika ticarət dövriyyəsi illik 2,1 % artaraq 443,73 milyard dollar təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi (BGİ) məlumat yayıb.
Qurumun məlumatına əsasən, Çindən ABŞ-yə ixrac 2,8 % (334,15 milyard dollara qədər) artıb. ABŞ-dən idxal faktiki olaraq dəyişməz qalıb (109,58 milyard dollar). Müvafiq müddət ərzində Çinin müsbət saldosu 224,57 milyard dollara çatıb ki, bu da 2023-cü ilin ilk səkkiz ayı ilə müqayisədə 4,5 % çoxdur.
BGİ-nin statistik məlumatına görə, avqustda iki ölkə arasında ticarət dövriyyəsi iyul ayı səviyyəsində qalaraq 60,69 milyard dollar təşkil edib. Çin ixracatı 3,3 % artaraq 47,25 milyard dollara çatıb. Amerika mallarının tədarükü isə əksinə, aylıq müqayisədə 9,7 % azalaraq 13,44 milyard dollar olub.
Çin ABŞ-dən soya, pambıq və qarğıdalı, mikroçiplər, yolsuzluq avtomobilləri, mayeləşdirilmiş neft qazı və neft, kokslaşan kömür, mis və mis filizi idxal edir. Amerika tərəfi Çindən smartfonlar, kompüterlər, litium-ion batareyalar, plastik məhsullar, təhlükəsizlik kameraları, məişət texnikası, ayaqqabılar, uşaq oyuncaqları və s. məhsullar alır.
Çin – Amerika münasibətləri son bir neçə ildə daha da gərginləşərək iki ölkə arasındakı ticarətə təsir edib. 2022-ci ildə onların ticarət dövriyyəsi cəmi 0,6 % artaraq 759,4 milyard dollara çatıb. 2023-cü ildə isə 11,6 % azalaraq 664,45 milyard dollar təşkil edib.