Braziliya cinayətkarlıqla mübarizə üçün hava limanlarında minlərlə hərbçi yerləşdirir

Digər ölkələr
  • 07 noyabr, 2023
  • 04:56
Braziliya cinayətkarlıqla mübarizə üçün hava limanlarında minlərlə hərbçi yerləşdirir

Braziliya Prezidenti Luis İnasio Lula da Silva mütəşəkkil cinayətkarlıqla mübarizəyə yönəlmiş hərbi əməliyyatların keçirilməsi barədə göstəriş verib.

"Report"un "The Guardian"a istinadən verdiyi xəbərə görə, onun bir hissəsi olaraq, qoşunlar ölkənin bir neçə ən böyük hava limanında yerləşdiriləcək.

Minlərlə hərbçi Rio-de-Janeyro və San-Paulu limanlarında və hava limanlarında mövqe tutub. Bundan əlavə, 2 000 hərbçi Braziliyanın Paraqvay və Boliviya ilə qərb sərhədləri boyunca yerləşdiriləcək, ölkəyə silah daşınmasının böyük hissəsi buradadır.

Nəşrin yazdığına görə, hərbi əməliyyat gələn ilin may ayına qədər davam edəcək, narkotik və silah qaçaqmalçılığı yollarının qarşısını almaq məqsədi daşıyacaq.

“The Guardian” qeyd edir ki, Braziliyada silahlı dəstələr son aylar daha da fəallaşıb. Belə ki, “Milicias” qrupu oktyabrın sonunda Rio-de-Janeyronun qərbinin əksər hissəsində nəqliyyatın hərəkətini dayandırıb - cinayətkarlar şəhərin ən çox axtarılan dəstə liderlərindən birinin həbsinin qarşısını almaq üçün onlarla avtobusu və qatarı yandırıblar.