Braziliya 2024-cü ilin yanvarından OPEC+ alyansına qoşulacaq.
“Report” xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
Hazırda OPEC+ə 23 ölkə, o cümlədən dünyanın ən böyük neft istehsalçıları - Rusiya və Səudiyyə Ərəbistanı da daxildir. OPEC ölkələri ilə kartelə daxil olmayan 11 ölkə arasında neft hasilatının məhdudlaşdırılmasına dair saziş 7 il əvvəl - 2016-cı il dekabrın 10-da dünyada enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi fonunda imzalanıb. Bu ittifaq OPEC+ adı alıb.
Braziliya kifayət qədər böyük neft istehsalçısıdır. Braziliya tənzimləyicisinin məlumatına görə, hazırda ölkədə neft hasilatı sutkada 3 milyon bareldən çoxdur.
İyulda OPEC-in Baş katibi Haysam əl-Qays təşkilatın genişləndirilməsi üzərində çalışdığını bildirmişdi. O, Malayziya, Bruney və Meksikaya səfər etdiyini bildirmiş, lakin hələlik bu ölkələrin OPEC-ə dəvət edilməsindən söhbət getmədiyini açıqlamışdı.