ABŞ Rusiya, İran, Çin və Şimali Koreya arasındakı əlaqələrin dərinləşməsindən narahatdır.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Nəşr qeyd edib ki, Vaşinqton və onun müttəfiqləri bu ölkələrin sərt Qərb sanksiyalarına baxmayaraq, dünya arenasında Amerika dominantlığına meydan oxumaq üçün qarşılıqlı əlaqələrini artırdıqları "sürət və intensivlikdən" narahatdırlar.
"ABŞ-nin təsiri zəifləyir və çox sürətlə zəifləyir. Artan güclər çoxtərəfli məkanda özlərini göstərmək istəyirlər”, – agentliyə Kenyanın BMT-dəki keçmiş daimi nümayəndəsi, Nyu-York Universitetinin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri Martin Kimani bildirib.
“Bloomberg” ABŞ-nin mövqelərinin zəifləməsinə nümunə olaraq göstərir ki, Vaşinqton İsraili radikal Fələstin hərəkatı HƏMAS ilə atəşkəs sazişi bağlamağa inandıra bilmir və ABŞ-nin başçılıq etdiyi koalisiya Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatını Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırmağa məcbur edə bilməyib. Afrikada isə amerikalılar öz bazalarından çıxarılıblar, çünki Çin və Rusiya öz təsirlərini artırırlar.