Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) BRICS-ə üzv ölkələr və tərəfdaşlarla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
"Report"un Kazana ezam olunmuş müxbiri xəbər verir ki, bunu BƏƏ-nin baş nazirinin müavini Həmdan bin Məhəmməd Əl Məktum XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının genişləndirilmiş iclasında deyib.
“Bugünkü iclasda ən mühüm mövzulardan biri sərmayə, davamlı inkişaf, nəqliyyat təhlükəsizliyi və s. kimi müxtəlif sahələrdə dost BRICS ölkələri ilə əməkdaşlığın gücləndirilməsi ilə bağlıdır”, - o bildirib.
Əl Məktum qeyd edib ki, bununla əlaqədar BƏƏ BRICS-in tərəfdaş ölkələri ilə də əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edir və bunu ümumi iqtisadi strategiyanın inkişafı üçün fürsət kimi görür.
"Müasir dünyada çoxtərəflilik alternativ deyil, zərurətdir, çünki iqtisadi, iqlim, sosial və digər sahələrdə üzləşdiyimiz çağırışlar birgə mübarizə tələb edir”, – baş nazirin müavini bildirib.
O, BRICS-in digər ölkələrlə əməkdaşlığının genişləndirilməsi planlarına BƏƏ-nin dəstək verdiyini də vurğulayıb.
Əl Məktum, həmçinin Yaxın Şərqdə, xüsusən də Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasının vacibliyini diqqətə çatdırıb.
“Biz Qəzza zolağında ehtiyacı olanlara humanitar yardımın çatdırılmasını heç bir şərt olmadan təmin etməyə çağırırıq. Livan ətrafındakı vəziyyətə gəlincə, gərginlik azaldılmalıdır və biz bu bölgədə dərhal atəşkəsə çağırırıq”, - o əlavə edib.