Bağdadda kəşfiyyat qərargahına PUA zərbəsi nəticəsində bir zabit ölüb - YENİLƏNİB
- 21 mart, 2026
- 14:09
Bağdadda İraqın Milli Kəşfiyyat Xidmətinin qərargahına pilotsuz uçuş aparatı (PUA) ilə zərbə nəticəsində kəşfiyyat zabiti ölüb.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Milli Kəşfiyyat Xidmətinin bəyanatına istinadən məlumat yayıb.
Bundan əlavə, AFP-nin məlumatına görə, yaralanan daha bir kəşfiyyat zabiti xəstəxanaya yerləşdirilib.
İraq paytaxtı Bağdada edilən dron hücumları zamanı ölkənin Milli Kəşfiyyat Xidmətinin qərargahı pilotsuz uçuş aparatının zərbəsinə məruz qalıb.
"Report"un Al Arabiya-ya istinadən xəbər verdiyinə görə, PUA-lardan biri kəşfiyyat idarəsinin yerləşdiyi Əl-Mənsur rayonundakı binaya zərbə endirib.
Məlumatı həmçinin İraq Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin rəhbəri general Saad Maan təsdiqləyib.
"Bu gün səhər saat 10:15-də Bağdadın Mənsur rayonundakı İraq Milli Kəşfiyyat Xidmətinin qərargahı pilotsuz uçuş aparatının zərbəsinə məruz qalıb. Daha ətraflı məlumat sonradan veriləcək", – o bildirib.
Daha bir pilotsuz uçuş aparatı eyni rayondakı Mərakeş səfirliyi yaxınlığında vurulub. Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat daxil olmayıb.
Üçüncü PUA xarici diplomatlar arasında populyar olan özəl idman klubuna çırpılıb.