Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi İranın nüvə bombası hazırlaması barədə məlumatı olmadığını söyləyib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Vyanada keçirdiyi mətbuat konfransında bildirib.
“İranın nüvə silahlanmasına dair heç bir dəlil və ya işarə yoxdur”, - o deyib.
R.Qrossi əlavə edib ki, İran uranı 60%-ə qədər zənginləşdirən və onun ehtiyatlarını yaradan, amma nüvə silahı olmayan yeganə ölkədir. “Bu, çox yüksək səviyyədir. Onların bunu etmək hüququ var. Eyni zamanda, yoxlama sistemi də olmalıdır”, - o fikrini izah edib.
Xatırladaq ki, fevralda Agentlik İranın demək olar silah dərəcəsində zənginləşdirilmiş uran ehtiyatının azaldığını və bu ehtiyatın üç atom bombası istehsal edə biləcək nəzəri həddən də aşağı olduğunu açıqlamışdı.