Avropa ölkələrində anomal isti hava şəraiti hökm sürməkdədir, Yunanıstan, İsveçrə və İspaniyada meşə yanğınları başlayıb və nəticədə səlahiyyətlilər sakinləri və turistləri təxliyə edir.
“Report” xəbər verir ki, bu barədə “İnterfaks” xarici KİV-ə istinadən məlumat yayıb.
Belə ki, Yunanıstanın “Kathimerini” qəzetinin məlumatına görə, paytaxt Afina yaxınlığında üç ərazidə meşə yanğını başlayıb. Qeyd olunub ki, bu yanğın xüsusilə relyefin əngəlli olması və güclü küləyin əsməsi səbəbindən təhlükəlidir. Yanğınlar yüksək temperatur fonunda başlayıb - ölkənin mərkəzi hissəsində istilik 44 dərəcəyə çatır.
“Associated Press” yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, Afinadakı yay düşərgəsindən və yaşlılar üçün reabilitasiya mərkəzindən təxliyə işləri aparılır. Turistlər də təxliyə edilir. Səlahiyyətlilər həmçinin azı altı yaşayış məntəqəsindən sakinlərin təxliyəsi barədə qərar qəbul edib.
Sinoptiklər isə xəbərdarlıq edir ki, Yunanıstana doğru növbəti isti dalğası hərəkət edir və bu, yeni meşə yanğınlarına səbəb ola bilər.
İsveçrə yanğınsöndürənləri iyulun 16-da Vale kantonunda baş vermiş yanğını söndürmək üçün işlərini davam etdirirlər. Qərb mətbuatının məlumatına görə, polis dağ kəndlərinin sakinlərini təxliyə edir. Yanğınların lokallaşdırılmasında 200-ə yaxın yanğınsöndürən, hərbçi, polis, digər xidmət orqanlarının nümayəndələri və könüllülər iştirak edir. İsveçrə polisi yanğının İtaliya sərhədinə doğru irəlilədiyini bildirib.
“The Guardian” yazır ki, anomal yüksək temperatur səbəbindən Siciliya və Sardiniyada yanğınlar baş verə bilər. Avropa Kosmik Agentliyinin proqnozlarına görə, adalarda havanın temperaturu 48 dərəcəyə çata bilər ki, bu da Avropada rekord göstərici olacaq.
“The Guardian”ın yazdığına görə, İtaliyanın paytaxtı Roma şəhərində də temperatur rekordu gözlənilir: meteoroloqların məlumatına görə, çərşənbə axşamı Romada istilik 43 dərəcə selsiyə qədər yüksələcək. Rekord yüksək temperaturla əlaqədar İtaliyanın Səhiyyə Nazirliyi ölkənin 16 şəhərində, o cümlədən Roma, Boloniya və Florensiyada qırmızı (ən yüksək) xəbərdarlıq səviyyəsi elan edib.
İspaniyada da meşə yanğınları davam edir. Belə ki, iyulun 15-də Palma adasında yanğın başlayıb. Yanğının getdikcə zəiflədiyi qeyd edilir. O, 3,5 min hektara yaxın ərazini və 20 təsərrüfat sahəsini əhatə edib. Təxliyə həyata keçirilib, indiyə qədər təxliyə edilənlərin əksəriyyəti artıq öz evlərinə qayıdıb.