Avropa Şurası: Aİ-dən ABŞ-yə ixracatın təxminən 70 faizinə artıq əlavə rüsumlar tətbiq olunur

Digər ölkələr
  • 14 iyul, 2025
  • 20:23
Avropa Şurası: Aİ-dən ABŞ-yə ixracatın təxminən 70 faizinə artıq əlavə rüsumlar tətbiq olunur

ABŞ-nin Avropa mallarına xüsusi tarifləri avqustun 1-dək dayandırılsa da, Avropa İttifaqı (Aİ) ölkələrindən okeanın o tayına ixrac edilən bir çox mallara artıq müxtəlif əlavə rüsumlar tətbiq olunur.

“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Aİ-nin ticarət nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunları üzrə Avropa Şurasının bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, ABŞ hazırda Aİ-yə bəzi tariflər tətbiq edir.

“Bu, 10 % əsas tarif, eləcə də polad və alüminiuma əlavə olaraq 50 %, avtomobil məhsullarına əlavə olaraq 25% həcmində olan rüsumlardır. ABŞ-nin bu ticarət siyasəti nəticəsində Aİ-nin ABŞ-yə ixracının təxminən 70 %-i hazırda Vaşinqtonun müxtəlif əlavə tariflərinin təsirinə məruz qalır”, - sənəddə qeyd olunur.