Brüssel Pekinin Çin istehsalı olan idxal elektromobillərin satışı üçün 30 min avro minimum qiymət təyin etmək təklifini rədd edib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası bu cür kompromisi qəbul etməyib, çünki bu, Çinin bu sahədə dövlət subsidiyalarının yol açdığı bazar təhrifləri problemini həll etmir.
Avropa tərəfi danışıqlar davam etdikcə digər qiymət öhdəliklərini, o cümlədən minimum qiymətləri və idxal kvotalarını nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb. Mənbələrin məlumatına görə, həllərdən biri hər avtomobil istehsalçısı və hər elektromobil növü üçün ölçüsündən və model sırasından asılı olaraq fərdi hesablanmış minimum qiymət ola bilər.
Danışıqların digər təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, Avropa İttifaqı ölkələri oktyabrın 4-də Avropa Komissiyasının Çin elektromobillərinə daimi idxal rüsumları tətbiq etmək qərarını dəstəkləyib və onların yuxarı həddini 35 % müəyyən edib. Avropa Komissiyası Çin elektromobillərinə müvəqqəti rüsumları iyulun 4-də tətbiq edib və onların müddəti avqustda uzadılıb. Çin dərhal bu qərarı proteksionizm aktı kimi qiymətləndirib.