Aİ və ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlayır
- 19 avqust, 2025
- 21:45
Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin liderləri Ukraynaya “NATO-nun kollektiv təhlükəsizliklə bağlı 5-ci maddəsinə bənzər” təhlükəsizlik zəmanətləri vermək üçün ABŞ ilə işləmək istəyirlər.
"Report" xəbər verir ki, bunu Aİ Şurasının prezidenti Antoniu Koşta qurumun fövqəladə onlayn sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, həm də Ukrayna Silahlı Qüvvələrinin silah-sursat təchizatı və təlimini nəzərdə tutur.
O, bildirib ki, Ukrayna ordusu Avropa müdafiəsinin “birinci xəttinə çevrilməli”, Brüssel isə Ukraynaya bütün hərbi yardımı gücləndirməli və blokdan çıxarmalıdır.
19:08
Avropa İttifaqı (Aİ) və ABŞ Ukrayna üçün konkret və lazımi təhlükəsizlik zəmanətləri hazırlayır.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Aİ və ABŞ birlikdə Ukrayna üçün konkret və zəruri təhlükəsizlik təminatlarını hazırlayacaq.
“Biz ABŞ ilə konkret təhlükəsizlik təminatları üzərində işləyəcəyik. Prezident (Ukrayna Prezidenti Volodimir - red.) Zelenski və ABŞ ilə birlikdə ədalətli və davamlı sülhə nail olmaq üçün növbəti addımları hazırlayacağıq”, - Koşta qeyd edib.
Onun sözlərinə görə, Avropa Şurasının üzvləri ilə görüşdən dərhal sonra o, Zelenski ilə telefon danışığı aparıb. Söhbət zamanı Koşta Aİ-nin birliyini və Kiyevə sarsılmaz dəstəyini, həmçinin Rusiyaya qarşı təzyiqlərə sadiqliyini vurğulayıb.
Koşta həmçinin əlavə edib ki, Ukraynanın gələcəyi Aİ-yə üzvlüklə bağlıdır və bu, ölkə üçün firavanlıq və sabitliyi təmin edəcək.