Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 15-ci sanksiya paketinin “qara siyahı”sına 54 şəxs və 29 təşkilat daxil ediləcək.
“Report” xəbər verir ki, bu barədə “EUobserver” portalı məlumat yayıb.
Bundan əlavə, yeni sanksiya paketi çərçivəsində Aİ 34 şirkət və 47 gəmini “boz siyahı”ya (əlavə nəzarət tələb edən) daxil edəcək.
Qeyd edilib ki, “qara siyahı”ya Koreya Xalq Demokratik Respublikasından yüksək vəzifəli general, niderlandlı neft treyderi və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əlaqəli iş adamı daxil ediləcək. Layihə, həmçinin İran istehsalı olan "Shahed” tipli pilotsuz uçuş aparatlarını da əhatə edir.
“Boz siyahı” layihəsinə iki Serbiya, Hindistan, Tailand və BƏƏ-dən olan şirkətlər salınıb.
Məlumata görə, 15-ci sanksiya paketinin layihəsinin böyük hissəsi hələ də Rusiya vətəndaşlarını əhatə edir. Sanksiya siyahısına Rusiya hərbçiləri və iş adamları daxil ediləcək.
Aİ, həmçinin nəşrdə "Alisa Dolina" adlandırılan rus müğənni və aktrisa Larisa Dolinaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
Qeyd edək ki, təşkilat hələ 15-ci sanksiya paketini qəbul etməyib. Onun müzakirəsi noyabrın 27-də başlayıb.