Avropa Komissiyası (AK) və Avropa Xarici Fəaliyyət Xidməti "ölkəni Avropa İttifaqına yaxınlaşdırmaq" məqsədilə Moldovaya dəstək olmaq üçün hazırladıqları tədbirlər paketini dərc ediblər.
Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.
"Aİ-nin bugünkü paketi göstərir ki, biz Moldovanı dəstəkləyirik və sizin avrointeqrasiyanızı və islahatlarınızı sürətləndirmək üçün çalışacağıq. Moldovanın gələcəyi Aİ-dədir", - AK-ın rəhbəri Ursula fon der Lyayen bildirib.
Avropa Komissiyasının kommünikesində Moldovaya dəstək paketi də daxil olmaqla beş prioritet açıqlanır.
Söhbət iqtisadi inkişafdan, islahatların dəstəklənməsindən, enerji təhlükəsizliyinin təmin edilməsindən, təhlükəsizliyin gücləndirilməsindən, informasiyanın manipulyasiyasına və xaricdən müdaxiləyə, o cümlədən dezinformasiyaya qarşı mübarizədən gedir.
Hesabatda qeyd olunur ki, Moldova "çoxlu sayda qaçqınlar, inflyasiya, enerji təchizatı ilə bağlı təhdidlər, hava məkanının pozulması, həmçinin dezinformasiya və kiberhücumlar kimi bir çox hibrid fəaliyyətlər də daxil olmaqla əhəmiyyətli problemlərlə üzləşib".
Elan olunmuş tədbirlərin iyunun 20-də Avropa Komissiyasının təklif etdiyi 2021-2027-ci illər üçün uzunmüddətli Aİ büdcəsinə yenidən baxılması nəticəsində vəsaitlərin yenidən bölüşdürülməsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Brüssel xatırladıb ki, Aİ "2021-ci ilin payızından Moldovaya çoxsaylı böhranların öhdəsindən gəlməyə kömək etmək" üçün artıq 1,2 milyard avro səfərbər edib.