Ağ Ev Rusiya Federasiyasının prezidenti Vladimir Putinin ABŞ prezidenti Cozef Baydenlə dialoq təklifinə cavablandırıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, ABŞ administrasiyası Birləşmiş Ştatlar rəhbərinin məşğul olduğunu bildirib.
“Hələ heç nə demək olmaz. Sabah prezident (Cozef Bayden - red) məşğuldur”, - deyə Ağ Evdən bildirilib.
ABŞ rəhbərinin mətbuat katibi Cen Psaki qeyd edib ki, Ağ Ev hələ Rusiya Federasiyası prezidenti Vladimir Putinin amerikalı həmkarı Cozef Baydenlə mümkün gələcək söhbəti haqqında informasiyaya malik deyil, amma bildirir ki, Rusiya rəhbərliyi ilə əlaqələr davam edir.
"Əgər biz bununla bağlı fikrimizi dəyişsək, mən sizə bildirəcəm", - Psaki ABŞ prezidentinin Rusiya liderinin danışıqla bağlı təklifini qəbul edəcəyi barədə suala cavabında deyib.
Baydenin mətbuat katibi xatırladıb ki, ABŞ rəhbəri artıq Rusiya prezidenti ilə söhbət edib.
"Biz Rusiya lideri, Rusiya hökumətinin üzvləri ilə bütün səviyyələrdə əlaqələri dəstəkləyirik, amma mən sizə gələcək görüş (liderlərin görüşü-red) haqqında heç nə deyə bilməyəcəm", - Baydenin mətbuat katibi deyib. O, əlavə edib ki, prezident sabah Corciyada olacaq və kifayət qədər məşğuldur.
Daha əvvəl Putin Baydenlə birbaşa danışıqlara hazır olduğunu bildirib. "Mən prezident Baydenə müzakirələrimizi davam etdirməyi təklif etmək istəyirəm, amma bir şərtlə ki, bunu faktiki olaraq birbaşa yayımda edəcəyik, necə deyərlər onlayn formada. Amma heç bir yubanma olmadan və açıq, birbaşa müzakirədə", - "Rusiya-24" telekanalının efirində Putin deyib.