Bakı. 19 mart. REPORT.AZ/ Amerika administrasiyası Venesuelanın daha bir sıra fəaliyyətdə və istefada olan vəzifəli şəxsinin adını ABŞ-ın "qara siyahısı"na daxil edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, birtərəfli sanksiyalar ümumilikdə Cənubi Amerika ölkəsinin daha 4 vətəndaşına qarşı tətbiq olunub. Bunlar Vilyan Antonio Kontreras, Nelson Reynaldo Lepaxe Salasar, Ameriko Aleks Mata Qarsia və Karlos Alberto Rotondaro Kovadır. Adı qeyd olunan ilk üç nəfər hökumətin iqtisadi blokunda rəhbər vəzifələrdə işləyir, dördüncü şəxs isə ötənlərdə eyni vəzifəni tutub.
Praktikaya görə, Vaşinqtonun bu qərarı o deməkdir ki, Amerika vətəndaşlarına bundan sonra "qara siyahı"ya düşmüş şəxslərlə hər hansı bir iş görmək qadağandır, belə bir şey aşkar olunduqda isə həmin şəxslərin mülklərinə həbs qoyulacaq.
ABŞ-ın Maliyyə Nazirliyinin rəyinə görə, Vaşinqtonun bu addımı dünya ictimaiyyyətin diqqətini Venesuela iqtisadiyyatının səmərəsiz idarə olunması və bu ölkədə korrupsiyanın kök salmasına yönəltmək məqsədi güdür.