ABŞ hərbi təyyarələri beynəlxalq hava məkanında uçuşlarını davam etdirəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Sergey Şoyqu ilə danışıqlardan sonra deyib.
"Dəfələrlə qeyd etdiyim kimi, böyük dövlətlərin şəffaflıq və ünsiyyət modeli olması vacibdir. ABŞ beynəlxalq hüququn icazə verdiyi istənilən yerdə uçuşlarını davam etdirəcək", - Ostin bildirib.
O, Şoyqu ilə söhbətin təfərrüatlarını açıqlamaqdan imtina edib, ABŞ-ın Ukrayna ətrafında eskalasiya riskinə ciddi yanaşdığına diqqət çəkib.
ABŞ və Rusiya müdafiə nazirləri Lloyd Ostinlə Sergey Şoyqu ilə telefon danışığı aparıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin teleqram kanalı məlumat yayıb.
Söhbət ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Xatırladaq ki, daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının mətbuat xidməti bildirib ki, Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” pilotsuz təyyarəsinin qarşısını almağa cəhd edib.
“Su-27”lərdən biri “MQ-9 Reaper” pilotsuz təyyarəsini vurub.