Bir ildən sonra ABŞ İraqda İŞİD terror qruplaşmasına qarşı beynəlxalq əməliyyatı başa çatdıracaq.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi xüsusi brifinqdə məlumat verib.
Qeyd olunub ki, ABŞ-la İraq Yaxın Şərq ölkəsinin hərbi missiyasının dayanıqlı olması üçün vaxt qrafiki müəyyən edirlər.
“Bu keçidin necə olacağını və nə vaxt baş verəcəyini müəyyən etmək üçün İraq və antiterror koalisiya tərəfdaşlarımızla işləyirik. Bu müzakirələr keçid dövrünü və ikitərəfli ABŞ-İraq təhlükəsizlik münasibətlərinin gələcəyini müəyyən etmək üçün bugünkü elandan sonra davam edəcək. Beləliklə, bu gün biz Birləşmiş Ştatlar və İraqın “Sarsılmaz əzm” əməliyyatı üçün iki mərhələli keçid planı üzərində razılaşdıqlarını elan edirik”.
Onun sözlərinə görə, birinci mərhələdə Birləşmiş Ştatlar İraq ərazisində əməliyyatları dayandıracaq və qarşılıqlı razılaşma əsasında koalisiya qüvvələrinin ölkənin müəyyən bölgələrində mövcudluğuna son qoyacaq.
“İraqda keçid dövrü bu ilin sentyabrında başlayacaq, bir il davam edəcək və 2025-ci ilin sentyabr ayının sonunda başa çatacaq. ABŞ və İraq Suriyadakı İŞİD-in bölgə üçün əhəmiyyətli bir təhlükə olaraq qaldığını qəbul edir və terror qruplaşmasının məhvi üçün işi davam etdirməyə sadiqdirlər. Bu baxımdan, ikinci mərhələdə Suriyanın şimal-şərqindən İŞİD terror təhlükəsinin yenidən alovlanmasının qarşısını almaq üçün ABŞ və İraq hökuməti koalisiyanın Suriyada İŞİD-ə qarşı əməliyyatlara İraqdan dəstəyini davam etdirməsinə imkan verən razılığa gəliblər”.