ABŞ Hərbi Hava Qüvvələri (HHQ) ölkənin silahlı qüvvələrində COVID-19-a qarşı peyvənd olunmaqdan imtina etdiklərinə görə hərbçilərlə müqaviləni pozan ilk struktur vahidi olub.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi HHQ-nin mətbuat xidmətinin nümayəndəsi Enn Stefanekə istinadən məlumat yayıb.
O, 27 hərbi qulluqçu ilə müqaviləyə xitam verildiyini söyləyib.
Rəsmi səbəb kimi müdafiə naziri Lloyd Ostinin Silahlı Qüvvələrin bütün şəxsi heyətinin məcburi peyvənd edilməsi ilə bağlı əmrinə əməl edilməməsi göstərilib.
L.Ostin Silahlı Qüvvələrin hər növünün komandanlığına onun əmrinin icrası üçün son tarixi müstəqil şəkildə təyin etməyi tapşırıb. HHQ-də bu tarix noyabrın 2-də bitibsə, Hərbi Dəniz Qüvvələrində və Dəniz Piyadaları Korpusunda 28 noyabr, Quru Qoşunlarında 15 dekabr peyvəndlənmə üçün son tarixdir. Pentaqon rəhbəri vurğulayıb ki, peyvənddən azad olunacaq şəxslər istisna olmaqla, əmrə tabe olmayanlar işdən çıxarılacaq.
Fəaliyyətdə olan hərbi hissələrin 1,3 milyon əsgər və zabitindən təxminən 40 mini, o cümlədən Quru Qoşunlarının 14 mindən çox döyüşçüsü və Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun 25 minə yaxın hərbçisi müxtəlif səbəblərə görə peyvənd olunmaqdan imtina edir. HHQ-yə təyin edilmiş və peyvənd olunmaq istəməyən ehtiyatda olanları və Milli Qvardiya əsgərlərini də nəzərə alsaq, imtina edənlərin ümumi sayı 50 min nəfərə yaxınlaşır.