ABŞ-da fövqəladə vəziyyət rejimi daha bir il uzadılıb

ABŞ-da fövqəladə vəziyyət rejimi daha bir il uzadılıb Donald Tramp keçmiş prezidentlər Buş və Obamadan sonra bu vəziyyəti 16-cı dəfə uzadıb
Digər ölkələr
19 Oktyabr , 2017 10:15
ABŞ-da fövqəladə vəziyyət rejimi daha bir il uzadılıb
Report

Bakı. 19 oktyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyət rejimini daha bir il uzadıb.

“Report” xəbər verir ki, bunu ABŞ-da çıxan “USA Today” qəzeti yazıb.

Qəzetin məlumatına görə, bununla bağlı sentyabrın 14-də Ağ evdən Konqresə göndərilən bildirişdə deyilir: “Terror təhdidinin mövcudluğu nəzərə alınaraq, 2001-ci il sentyabrın 14-də elan olunan fövqəladə rejim davam etməlidir".

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət rejimi 2001-ci il sentyabrın 14-də ABŞ-ın o vaxtkı prezidenti Corc Buş tərəfindən sentyabrın 11-də Nyu-Yorkda törədilən terror aktları ilə bağlı elan edilib. Bu vəziyyət daha sonra prezident Barak Obama tərəfindən uzadılmışdı.

Məlumata görə, o zaman bu rejimlə əlaqədar C.Buşa ordunu mobilizasiya etmək, müəyyən vəzifələri olan ordudakı məsul şəxslərin səlahiyyətlərini artırmaq, yaxud onların səlahiyyətlərini əlindən almaq, sələhiyyat verəcəyi generalların say məhdudiyyətinin ləğv etmək kimi fövqəladə funksiyalar verilmişdi. Ancaq indiki vəziyyətdə Ağ evə verilən səlahiyyətlər məlum deyil.

C.Buş, B.Obama və D.Tramp fövqəladə vəziyyət rejiminin uzadılması barədə ümumilikdə 16 dəfə qərar imzalayıblar. 

Son xəbərlər

Orphus sistemi