Bakı. 8 may. REPORT.AZ/ Varşavada “Azərbaycan Xalq Cümhuriyyəti dövründə: Azərbaycan və Polşa xalqları arasında dostluq və əməkdaşlıq ənənələrinin tarixi” mövzusunda konfrans keçirilib.
Avropa Azərbaycanlıları Konqresindən (AAK) "Report"a bildirilib ki, konfrans AAK və Polşada Azərbaycanlı Gənclər Şurasının (PAGŞ) təşkilatçılığı ilə baş tutub.
Konfransda Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, AAK prezidenti Sahil Qasımov, PAGŞ sədri Nail Əhməd, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, AAK vitse prezidentləri, Alman-Azərbaycan Mədəniyyəti cəmiyyətinin sədri Yaşar Nifətliyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, AAK üzvləri, Finlandiya-Azərbaycan Assosiyasiyasının həmsədrləri - Vasif Muradlı və Arzu Muradlı, Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, İsveçrədə Azərbaycanın Dostları Birliyinin sədri Arzu Əliyeva, Macarıstan Azərbaycan Cəmiyyətinin sədri Ramiz Əmirli, Polşanın bütün regionlarından olan təşkilat rəhbərləri, tələbələr iştirak edib.
Tədbirdə çıxış edən S.Qasımov bildirib ki, son illərdə Azərbaycan diasporunun fəallığı xeyli artib: "AAK son bir ildə bir neçə uğurlu layihələr həyata keçirib. Bu ölkələrdə güclü təşkilatlanma üçün əsasən də gənclərdən ibarət potensial var. Polşada Nail Əhmədin başçılığı ilə gənclərin təşkilatlanmasına başlanılıb".
Konfransda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirakçılara təbrik müraciəti oxunub. Məktubda AAK-ın fəaliyyəti yüksək qiymətləndirilib. PAGŞ sədri N.Əhməd isə çıxışında 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Polşa fəallarının iştirakını, o cümlədən bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra bura mühacir edən azərbaycanlı şəxsiyyətlərdən bəhs edib: “Bu o deməkdir ki, polşalılar fəal azərbaycanlıları hələ 100 il əvvəldən tanıyırlar”.
Daha sonra konfransda çıxış edən səfir H.Həsənov Polşada son illər Azərbaycanı və azərbaycanlıları özündə ehtiva edən 21 abidə ucaldığını bildirib.
O əlavə edib ki, bunlardan biri məhz AXC-ə aid abidədir. Daha sonra o Polşada gənclərin fəallığından və səfirliyin dəstək verdiyi layihələrdən bəhs edib.
BUAK sədri R.Tağıyev isə şərqi Avropaya 100 il əvvəl mühacir edən azərbaycanlıların burada diasporun sonradan formalaşmasına verdiyi töhfədən danışıb. O bildirib ki, son günlər Azərbaycandan bəzi şəxslər xaricdəki diasporumuzla bağlı olduqca neqativ fikirləri yaymağa cəhd edirlər ki, bu da dünyadakı azərbaycanlıların ciddi narahatlığına səbəb olur: “Son 20 ildə Azərbaycan diasporu inkişaf yolu keçib və buna kölgə salmaq yalnız düşmənlərin maraqlarına işləyər”.
Arzu Muradlı da həmkarının fikirlərinə dəstək olaraq Azərbaycan diasporuna qarşı xoşagəlməz fikirlərə görə sərt etirazını bildirib.
Konfrans qarşılıqlı müzakirələr ilə davam edib. Sonda AAK Avropa azərbaycanlıları milli birlik və AXC-100 ilə bağlı bəyanatı qəbul edilib. Macarıstandan və Fransadan daha iki təşkilat AAK-a üzv qəbul edilib, bununla üzv təşkilatların sayı 136-ya çatıb.