Parisdə Vaqif Səmədoğlunun xatirə gecəsi keçiriləcək
- 24 may, 2017
- 08:13
Bakı. 24 may. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirə gecəsi keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a bildirilib ki, Paris Azərbaycan Evinin və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə keçirilən xatirə gecəsində xalq şairinin fransız dilində çapdan çıxmış "Bir gün təbəssüm olmuşdum" adlı kitabı da fransız ictimaiyyətinə təqdim olunacaq.
Tədbirin iyunun 6-da, saat 19.00-da Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, şair, dramaturq, publisist,Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, Milli Məclisinin deputatı (2000,2005) Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də 76 yaşında dünyasını dəyişib.