TDT-nin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri Şuşada bəyanat qəbul edib - YENİLƏNİB-2

TDT-nin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri Şuşada bəyanat qəbul edib - YENİLƏNİB-2 “Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı/Şuşa Forumu”nun iştirakçıları birgə bəyanatı qəbul edib.
Diaspor
21 Dekabr , 2022 19:48
TDT-nin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri Şuşada bəyanat qəbul edib - YENİLƏNİB-2

“Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı/Şuşa Forumu”nun iştirakçıları birgə bəyanatı qəbul edib.

"Report"un xəbərinə görə, bəyanatda deyilir:

"Biz - 20-21 dekabr, 2022-ci il tarixində Bakı və Şuşa şəhərlərində keçirilmiş “Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı/Şuşa Forumu”nun iştirakçıları “Şuşa ili”ndə dünya ictimaiyyətini Azərbaycanın mədəniyyət paytaxtında salamlamaqdan qürur duyuruq!

Forumda iştirak edən dövlətlər öz diasporlarının sıx birləşməsinə hər zaman töhfə veriblər. Türk Dövlətləri Təşkilatı çərçivəsində qəbul edilmiş Türk Diasporunun Birgə Fəaliyyət Strategiyasına uyğun olaraq keçirilən ikitərəfli, o cümlədən çoxtərəfli görüşlər, müxtəlif proqram və forumlar əlaqələrimizin daha da genişlənməsinə xidmət edib. Bu illər ərzində ümumi maraqların qorunması məqsədilə diaspor sahəsində imkanlar birləşdirilib, ümumi maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə birlik və həmrəylik nümayiş etdirilib.

Xüsusilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin diasporlarının yaxınlaşması və əməkdaşlığı istiqamətində bir sıra mühüm addımlar atılıb: bütün türk diasporları üçün birgə fəaliyyət strategiyasının müəyyənləşdirilməsi ilə yanaşı, əksər üzv dövlətlərin diaspor işlərinə cavabdeh qurumları arasında memorandumlar imzalanıb, qurum rəhbərlərinin qarşılıqlı səfərləri və görüşləri keçirilib, Bakıda və Bursada üzv dövlətlərin diaspor qurumları arasında təcrübə mübadiləsi proqramları, Berlin və Nyu-Yorkda türk diasporları üçün potensialın gücləndirilməsi proqramları həyata keçirilib.

Dünyanın müxtəlif ölkələrindən diaspor təşkilatları, iş adamları, elm adamları və digərlərinin də iştirakı ilə Bakıda və Bursada Türk Diaspor Forumları keçirilib və illik birgə fəaliyyət planları ilə türk diasporlarına istiqamət vermək təcrübəsinin əsası qoyulub.

Bu zəmində 44 günlük müharibə zamanı türk dünyası tərəfindən göstərilən informasiya dəstəyi Azərbaycan həqiqətlərinin dünyada təbliği, Azərbaycana qarşı yönəlmiş təxribatların qarşısının alınmasında böyük rol oynayıb.

Azərbaycanın 44 günlük müharibə Zəfərindən sonra 2021-ci ilin iyun ayında Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi türk diasporlarının Birgə Fəaliyyət Strategiyası üçün yeni üfüqlər açıb.

Diasporlarımızın gələcək fəaliyyəti ilə bağlı mühüm əhəmiyyət kəsb edən proqram xarakterli sənəddə Türk Dövlətləri Təşkilatına üzv olan digər dövlətlərin də vahid diaspor hərəkatına qoşulması, əməkdaşlığın, həmrəyliyin inkişaf etdirilməsi ciddi vəzifələrdən biri kimi ortaya qoyulub. Türk dövlətlərinin ortaq diaspor siyasətinin inkişafı ilə bağlı həssaslığı Türk Dövlətləri Təşkilatının müvafiq olaraq 2021 və 2022-ci illərdə İstanbul və Səmərqənd Zirvə Görüşlərində qəbul edilmiş “Türk Dünyasına Baxış-2040” və “Strategiya 2022-2026” sənədlərində də öz əksini tapmışdır. 

Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün Səmərqənd Bəyannaməsi və burada qəbul edilmiş digər sənədlər qarşıya qoyulan mühüm məqsədlərə nail olmaq, xüsusilə dünyada yaşayan türklərin milli hüquqlarının müdafiəsi istiqamətində vahid diaspor hərəkatı çərçivəsində fəaliyyətimizi daha da sıx birləşdirmək üçün əlverişli şərait yaradır.

Türk dövlətləri rəhbərlərinin də vurğuladığı kimi, Zirvə Görüşü bütün türk dünyasını narahat edən problemlərin həlli yollarının müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, yaşadıqları ölkədən asılı olmayaraq, Türk Dünyası ölkələrində yaşayan gənclərin məktəblərdə ana dilində təhsil almalarının zəruriliyi ilə ifadə olunan problemi Türk Dövlətləri Təşkilatının daim gündəmində olmalıdır. Təəssüf ki, bir çox türkdilli dövlətlərin hüdudlarından kənarda yaşayan türkdilli xalqlar bu imkanlardan məhrum ediliblər.

Bəyan edirik ki, 200 milyonluq Türk Dünyası geniş bir coğrafiyanı əhatə edən böyük bir ailədir. Biz bu ailənin üzvləri olaraq türk dünyasının birliyi məqsədinə sadiq qalacaq, milli maraqlarımız naminə bir-birimizə dəstək olmağa, həmrəyliyimizi gücləndirməyə və əməkdaşlığımızı genişləndirməyə davam edəcəyik!"

16:00

Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin forumu keçirilib. 

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerzhan Mukaş və başqaları çıxış edib.

Forumun sonunda Şuşa bəyanatı qəbul edilib.

Bəyanatı Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev oxuyub.

14:13

Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin forumu keçirilir.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerzhan Mukaş, Macarıstanın Milli Siyasət üzrə Dövlət katibi Arpad Yanos Potapi, Qırğız Prezidenti yanında Dövlət dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliev, Qazaxıstan Respublikasının “Otandastar” Fondunun beynəlxalq şöbəsinin müdiri Kalıbek Koblandin, və Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi Katibliyinin rəisi Kemal Köprülü iştirak edir.

Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov forumda çıxışı zamanı deyib ki, Şuşa ili zəngin tədbirlərlə yadda qalıb: "Eyni zamanda belə dəyərli tədbirin məhz Şuşada keçirilməsinin rəmzi mənası var. Bu ilin əvvəlində Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşada Dünya Azərbaycanlılarının 5-ci qurultayı keçirildi. Dünya azərbaycanlılarını doğma Şuşada qəbul etmək şərəf idi".

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, bu il artıq üçüncü böyük tədbiri keçirirlər: “Diaspor sahəsində həyata keçirilən hər bir tədbir bizim üçün vacibdir. Həmin tədbirlərin Şuşada keçirilməsi isə bizim üçün ikiqat önəmlidir. Biz strateji hədəflərimizi müəyyənləşdirdik. Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa bəyannaməsində diaspor sahəsində əməkdaşlıq bir neçə bənddə öz əksini tapıb. Biz bir neçə ildir ki, birgə tədbirlər həyata keçiririk. Həm dövlət qurumları, həm diaspor üzvlərinin iştirakı ilə müxtəlif tədbirlər təşkil etmişik. Berlində Almaniyada yaşayan diaspor gəncləri üçün bacarıqların artırılması ilə bağlı treninqlər keçirdik. Nyu-Yorkda da oxşar tədbir keçirdik”.

Onun sözlərinə görə, gələn il Türkiyənin Bursa şəhərində diaspor gənclərinin forumu baş tutacaq: “Bugünkü tədbirin də ərsəyə gəlməsində TDT-in dəstəyini hiss etdik”.

Forumun sonunda Şuşa bəyanatı qəbul ediləcək.

Xatırladaq ki, forumun ilk hissəsi dekabrın 20-də Bakıda keçirilib.

Son xəbərlər

Orphus sistemi