Fransanın Nant şəhərindəki "Qarabağ" Azərbaycan həftəsonu məktəbinin növbəti dərsi zamanı təhlükə mənbəyi olan mina mövzusundan danışılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, şagirdlərə mülki insanların həyatı üçün xüsusi təhlükəyə çevrilən minalar, onlarla ehtiyatlı davranma qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda azad edilmiş torpaqlarımızda Ermənistan silahlı qüvvələri tərəfindən çoxlu sayda minalar yerləşdirilib. Rəsmi İrəvanın mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsi isə həmin ərazilərdə yenidənqurma işlərinin aparılmasına, məktəblərin, uşaq bağçalarının tikilməsinə və azərbaycanlıların doğma torpaqlarına qayıdışına böyük əngəllər törədir. Minaların böyük faciələrə səbəb olduğu, belə faciələrdən birinin 4 iyun tarixində Kəlbəcər rayonunda yaşandığı bildirilib.
Dərsin sonunda şagirdlər minaların təhlükəli olmasını əks etdirən plakatları nümayiş etdiriblər. Onlar Fransa ictimaiyyətini bu hadisəyə biganə qalmamağa, mina xəritələrinin verilməsilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, uşaqların valideynsiz qalmasına yol verməməyə səsləyiblər.