Bakı. 7 yanvar. REPORT.AZ/ Xaricdə yaşayan azərbaycanlılar üçün praktik Azərbaycan dili kursunun hazırlanılması planlaşdırılır. Bu barədə "Report"a AMEA Dilçilik İnstitutunun Sosiolinqvistika və Dil siyasəti şöbəsinin müdiri, layihənin rəhbəri Mayıl Əsgərov məlumat verib.
Onun sözlərinə görə, kurslar on-line formada olacaq. Kimsənin harasa getməyinə ehtiyac qalmadan kompyuterlərini açaraq istədikləri məkanda Azərbaycan dili biliklərini artıra biləcəklər: "Dərslər hazır olandan sonra saytlara çıxışını qoyacağıq. Dərs-dərs bütün məlumatlar internetə yüklənəcək. Dərslərimizdən yalnız xaricdə yaşayan azərbaycanlılar deyil, Azərbaycanın özündə yaşayan vətəndaşlarımız da yararlana bilərlər".
M.Əsgərov bildirib ki, indiki dövrdə uzun məlumatları oxumağa o qədər də maraq olmadığı üçün dərslərin mümkün olduğu qədər qısa olması və dərsin məğzini ifadə etməsi əsas məqsədlərdən biridir: "Bütün izahatların diktor mətni ilə oxunması, kinoxronika tipində olması nəzərdə tutulur, amma əsas diqqət ekranda nəql olunan materialın əyani göstərilməsinə yönəlməlidir. Bu kurs distant təhsil də adlandırıla bilər".
Şöbə müdiri deyib ki, bu layihənin reallaşması üçün təbii ki, maliyyə dəstəyi lazımdır: "Bütün işlər institut tərəfindən hazırlansa da, layihələrimiz kompyuter və müəyyən proqramların vasitəsilə reallaşdırılmalıdır".
M.Əsgərov həmçinin qeyd edib ki, kurs layihə formasındadır: "Hazırda layihə akademiya rəhbərliyinə təqdim olunub".