Haaqa şəhərində fəaliyyət göstərən Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyəti erməni icmasının “Azad Artsax” adlı təxribat xarakterli yürüşlərinin ləğv olunması tələbi ilə Almelo və Amsterdam şəhər meriyalarına müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, cəmiyyətin sədri Frəngiz Bağırovanın adından hər iki şəhər merinə ünvanlanan müraciətdə bildirilib ki, erməni icmasının 27 yanvarda “Azad Artsax” adı ilə keçirməyə hazırlaşdığı yürüşün keçirilməsi yolverilməzdir. Nəzərə çatdırılıb ki, Almelo və Amsterdam bələdiyyələrinin mövcud olmayan “dövlət”in müdafiəsi ilə bağlı yürüşlərin keçirilməsinə icazə verməsi təkcə Niderlandın erməni icmasının təxribatı deyil, həm də qeyri-qanuni hərəkətdir.
Bu icazənin verilməsi Niderlandın Ermənistan və Azərbaycan arasındakı gərgin münasibətlərə müdaxiləsi kimi qiymətləndirilib. Xəbərdarlıq edilib ki, bu davranış Niderlanddakı Azərbaycan və erməni icmaları arasında iğtişaşların yaranma ehtimalını çox yüksəldə bilər: “Biz başa düşə bilmirik ki, faktları bilmədən bu cür hərəkətləri, adətən, münaqişə ilə bağlı məsələlərə neytral münasibəti ilə tanınan Niderland niyə və necə dəstəkləyir? Odur ki, Niderlandda yaşayan iki icma arasında gərginliyin və bundan sonra baş verə biləcək iğtişaşların qarşısını almaq üçün planlaşdırılan nümayişlərin dayandırılmasını tələb edirik”.
Müraciətdə elmi və tarixi baxımdan “Artsax” adlı dövlətin heç bir vaxt mövcud olmadığı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlandığı, beynəlxalq təşkilatların tələblərinə baxmayaraq, erməni işğalçılarının Azərbaycanın əzəli torpaqlarını dinc yolla tərk etmədikləri, Qarabağdakı azərbaycanlıların yaşamaq hüququndan məhrum olunduğu, erməni separatçılarının işğalı dövründə Azərbaycanın şəhər və kəndlərinin xarabalığa çevrildiyi, Azərbaycan mədəni irsinə qarşı vandalizm aktları törədildiyi, Azərbaycan dövlətinin beynəlxalq hüquq normaları çərçivəsində hərbi yolla öz torpaqlarını geri aldığı, azərbaycanlı qaçqınların 30 illik həsrətdən sonra doğma yurdlarına dönməyə başladıqları, hazırda Azərbaycanla Ermənistanın sülh müqaviləsinin imzalanması mərhələsində olduğu barədə ətraflı məlumat verilib.